18.06.2019
Bu günlərdə Advances in Biology & Earth Sciences jurnalının redaksiya heyətinin üzvləri, professor Andrey Stepanov və professor Taras Kavetski Bakıda işgüzar səfərdə olublar. Yaranmış imkandan istifadə edərək qonaqlarla jurnalın Redaksiya Heyətinin görüşü təşkil edildi. Professor Andrey Stepanov və Taras Kavetski biologiya və biofizika sahəsində dünyada tanınmış alimlərdir. Professor Andrey Stepanov Rusiya Elmlər Akademiyasının Kazan Elmi Mərkəzinin Zavoyski Fiziki-Texniki İnstitutununu, professor Taras Kavetski isə Ukraynanın İvan Franko Dövlət Pedaqoji Universitetini və Polşanın John Paul II Lublin Katolik Universitetini təmsil edir. Görüşdə jurnalın baş redaktor müavini, professor Rövşən Xəlilov və "Jomard Publishing" nəşriyyatının rəhbəri professor Yusif Qasımov da iştirak ediblər. Görüşdə jurnalın gələcək inkişaf yolları, bəzi beynəlxalq elmi layihələrdə iştirakı, müəlliflərin coğrafiyasını genişləndirmək üçün atılması zəruri olan addımlar və tanınmış beynəlxalq məlumat bazaları ilə əməkdaşlıq müzakirə olundu.